Laurentsiu Regekampf: “Bura qələbə dalınca gəlmişik”
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-i Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Laurentsiu Regekampf və nigeriyalı futbolçu Yusuf Lavalın iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Əvvəlcə baş məşqçi fikirlərini bildirib: “İlk oyunda qələbə qazandıq. Bura da qələbə dalınca gəlmişik. Bizi çətin oyun gözlədiyini bilirik. Çünki “Rapid” çox güclü rəqibdir. Əminəm ki, onlar ilk matçla müqayisədə daha yaxşı, ciddi hazırlaşacaqlar, çünki evdə oynayırlar. Bununla belə, biz də hazırıq və bura Bakıdakı hesabı qoruyub saxlamağa gəlməmişik. Rəqibə hörmətlə yanaşsaq da, bura yaxşı oyun göstərib qələbə qazanmaq üçün gəlmişik”.
Sonra Yusuf Laval açıqlama verib: “Bizi güclü rəqiblə çətin oyun gözləyir, amma növbəti mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik”.
Daha sonra isə Laurentsiu Regekampf suallara cavab verib: “Bir-birimizə güvənirik. Buradan qalib ayrılmaq üçün kifayət qədər gücümüz, təcrübəli futbolçularımız var. Sabahkı matçda nəticəni qorumaq üçün yox, qələbə qazanmaq üçün hazırlaşmışıq. Vuruşmalıyıq, aktiv olmalıyıq. Bu, futbolçularıma olan mesajdır. “Rapid”in nəyə qadir olduğunu bilirik. Hücum xəttində çox güclü futbolçuları var ki, onlardan ehtiyatlanmalıyıq, onlara düşünməyə çox vaxt verməməliyik. Hətta əvvəlcə qol buraxsaq belə, mübarizə aparıb cavab qolunu vurmalıyıq. Keçən həftəsonu çempionat matçımız var idi deyə, çox vaxtımız olmadı. Həmin oyundan sonra futbolçularımızı sabahkı görüş üçün bərpa etməyə, onlara motivasiya verməyə çalışdıq. Son 10-15 dəqiqədə buraxdığımız səhvləri təhlil etdik. Çalışacağıq ki, səhvlər təkrarlanmasın. “Rapid”ə düşünməyə vaxt versək, bizə problemlər yarada bilər. Bunun üzərində işləmişik. Ümid edirəm ki, komandamız fiziki cəhətdən də çox yaxşı səviyyədə olacaq. Təbii ki, rəqib də bizim oyunu təhlil edir. Bu, şahmat oyunu kimidir. Hər məşqçinin öz oyun üslubu var, bu normaldır. Amma sonda futbolçulardan asılı oluruq. Çünki meydanda onlar mübarizə aparırlar. Mən sizə hər cür söz verə bilərəm, amma gəlin sabahkı matçı başa vuraq. Əgər biz mərhələ adlasaq, sizə hər şey söz verəcəm”.