“IV Neftçili Yay Futbol Düşərgəsi” başa çatdı
“Neftçi” Peşəkar Futbol Klubunun və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “IV Neftçili Yay Futbol Düşərgəsi” layihəsi yekunlaşıb. Bu gün şəhidlərimizin 6-12 yaş aralığındakı 104 övladını əhatə edən layihənin bağlanış mərasimi baş tutub. Tədbirdə “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov çıxış ediblər.
Bağlanış mərasimindən sonra 3-cü qrup iştirakçıları mükafatlandırılıblar. Uşaqlara sertifikat, “Park Cinema”ya bilet və digər hədiyyələri “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev və “Neftçi” Futbol Akademiyasının koordinatoru Elşad Əhmədov təqdim ediblər.
Qeyd edək ki, media dəstəkçiləri “Neftçi TV” və “ASAN Radio” olan layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etmək olub. 104 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxil olub. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilib, onlara “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilib, kino saatları təşkil olunub. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.