“IV Neftçili Yay Futbol Düşərgəsi” layihəsi başlayıb
“Neftçi” Peşəkar Futbol Klubunun və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin övladları üçün “IV Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verilib. İyunun 16-da şəhidlərimizin 6-12 yaş aralığındakı 104 övladını əhatə edən layihənin açılış mərasimi baş tutub. Tədbirdə “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova və digər qonaqlar iştirak ediblər.
Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir.