Azər Əliyev: “Tam forma yığmaq və yeni çempionata öyrəşmək üçün zamana ehtiyacım var”
“Neftçi”nin yarımmüdafiəçisi Azər Əliyev klubun rəsmi saytına müsahibə verib. Tam forma yığmaq və Azərbaycan çempionatına öyrəşmək üçün zamana ehtiyacı olduğunu bildirən futbolçu azarkeşlərə təşəkkür edib:
- “Neftçi”nin heyətində 4 rəsmi matçda meydana çıxmısan və 1 məhsuldar ötürmənin müəllifisən. Uyğunlaşma prosesi necə gedir? Ümumiyyətlə, özünü necə hiss edirsən?
- Özümü çox yaxşı hiss edirəm. Komanda üzvləri məni isti və sevgi ilə qarşıladılar. Sanki çoxdandır burada oynayıram. Buna görə onlara təşəkkür edirəm. Uyğunlaşmaya gəlincə, hələ ki asan deyil. Xəstəlik səbəbindən keçmiş klubumda yanvar toplanışının əvvəlini buraxdım. Üstəlik, “Neftçi” ilə də hazırlığa qatıla bilmədim. Buna görə də, düzünü desəm, mövsümə optimal formada başlamadım. Düşünürəm ki, tam forma yığmaq və yeni çempionata öyrəşmək üçün zamana ehtiyacım var.
- Rusiya Premyer Liqasından gəlmisən. Azərbaycan çempionatının səviyyəsini necə qiymətləndirirsən?
- Gizlətməyəcəm, Rusiya çempionatı səviyyəcə daha yüksəkdir. Bununla belə, Azərbaycan Premyer Liqasının səviyyəsi artmaqdadır. Bura Rusiya və digər ölkələrdən həm futbolçu, həm də məşqçilər gəlir. Ümid edirəm ki, Azərbaycan çempionatı həm buna, həm də komandaların yetirmlərinin hesabına daha da güclənəcək.
- “Neftçi” 3 oyundur qələbə qazanır. Qarşıdan isə “Sumqayıt”la görüş gəlir. Necə düşünürsən, qələbə seriyasını davam etdirə biləcəyikmi?
- Həmişə olduğu kimi, yenə də meydana yalnız qalib gəlmək üçün çıxacağıq. Çalışacağıq ki, qələbə seriyasını mümkün qədər artıraq.
- Göstərdiyin oyunla azarkeşlərin rəğbətini qazanmısan. Hətta rəsmi “Facebook” səhifəmizdə fanatlar tərəfindən “Səbail”lə matçın ən yaxşısı seçildin. Onlara nə demək istərdin?
- Azarkeşlərə təşəkkür edirəm. Bu məni şad edir və onları sevindirmək üçün daha çox çalışmağıma səbəb olur. Fanatların dəstəyini qeyd etməmək olmaz. Bu çox vacibdir. Qələbələrə doğru onlarla birlikdə irəliləyəcəyik.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00