Tiaqo Bezerra: “İnanıram ki, tezliklə tamamilə fərqli “Neftçi” görəcəyik”
“Neftçi”nin hücumçusu Tiaqo Bezerra klubun rəsmi saytına müsahibə verib. Ad günü və qollarla bağlı sualları cavablandıran braziliyalı futbolçu azarkeşlərə səslənib.
- Tiaqo, doğum günün mübarək! Bu sənin Azərbaycanda keçirəcəyin ilk ad günüdür. Bu günü necə qeyd edəcəksən?
- Çox təşəkkür edirəm! Bəli, doğum günümü Azərbaycanda ilk dəfə qeyd edəcəyəm. Təbii ki, bizim üçün önəmli gündür. Çox şükür, sağlam, xoşbəxt, ailəm də yanımda olmaqla daha bir ili geridə qoyuram.
- “Neftçi”nin heyətində meydana çıxdığın 12 rəsmi oyunda 4 qola imza atmısan. Sonuncu dəfə keçən il noyabrın 6-da fərqlənmisən. Gec-gec qol vurmağının səbəbi nədir?
- Əlbəttə, bu mənim üçün aşağı göstəricidir. Daha çox qol vurmalıyam. Bununla belə, burada xoşbəxtəm. Hər oyunda qol vurmaq istəyirəm və buna çalışıram. Çoxdandır fərqlənmədiyimə görə narahatam. Yaxşı başa düşürəm iki, hücumçuyam və vəzifəm qol vurmaqdır, amma çox inanıram ki, yaxın zamanlarda çətin günlər geridə qalacaq və qollar, qələbələr ard-arda gələcək.
- Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazandıq, qarşıdan isə “Keşlə” ilə çempionat matçı gəlir. Bu komanda ilə sonuncu oyunda 3:2 hesabı ilə məğlub olsaq da, dubla imza atmışdın. Necə düşünürsən, bu rəqibi yenə məyus edə biləcəksən?
- Yarımfinala yüksəldiyimiz üçün əhval-ruhiyyəmiz çox yaxşıdır. “Keşlə” ilə matça gəldikdə, çox vacib oyundur. Rəqibə hörmətlə yanaşırıq, amma qələbə qazanıb ilk “üçlük”dəki komandalarla xal fərqini azaltmalıyıq. 2:0 hesabı ilə öndə olmağımıza rəğmən 3:2 hesablı məğlubiyyəti unutmamışıq. Revanş almaq üçün yaxşı şans olacaq. Əlbəttə, hər oyunda qol vurmaq istəyirəm. Məşqçinin seçiminə hörmətlə yanaşıram. Mənə şans verilsə, özümü ən yaxşı tərəfdən göstərib, qol vurmağa çalışacağam.
- “Neftçi” azarkeşlərinə sözün varmı?
- Təəssüf ki, bəzən azarkeşlərin ümidlərini doğrulda bilmirik. Bu mövsüm Azərbaycan Kubokunu qazanmaq istəyirik. Neçə ildən sonra ilk dəfə yarımfinala adlamışıq. Buna görə çox şadıq. İnanıram ki, tezliklə tamamilə fərqli “Neftçi” görəcəyik.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00