“Qadına qarşı zorakılığa son!” kampaniyasına sən də qoşul!
“Neftçi” PFK BMT-nin Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edərək 25 noyabr – 10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində noyabrın 27-də “Səbail” klubu ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq.
“Qadına qarşı zorakılığa son!” şüarı ilə kampaniyaya qatılan “Neftçi” keçirəcəyi oyun vasitəsilə özünün fanat və izləyici kütləsinə, xüsusən də kişilərə xitab edərək, onları gender-əsaslı zorakılıqla mübarizəyə qoşulmağa və beləliklə bu fenomenin aradan qaldırılmasına töhfə verməyə çağıracaq. Oyuna qatılacaq “Neftçi” fanatları isə qadınlara qarşı zorakılığı pisləyən və cəmiyyəti bununla mübarizəyə dəvət edən şüarlar yazılmış pankartlarla sevimli klublarının çağırışına dəstək olacaqlar.
“16 günlük fəallıq” kampaniyasına verdiyi dəstək çərçivəsində “Neftçi” PFK-nın oyunçularının iştirakı ilə futbolsevərlərin timsalında bütün insanları qadınlara qarşı zorakılıqla mübarizəyə səsləyən videoçarx da hazırlanaraq kampaniyanın əhatə etdiyi dövr ərzində ictimaiyyətə təqdim edilib.
Bizimlə birlikdə “Qadına qarşı zorakılığa son!” şuarı ilə bu kampaniyaya dəstək vermək istəyən hər kəsi noyabrın 27-də saat 18:15-də keçiriləcək “Neftçi” – “Səbail” oyununa dəvət edirik.