Sosial media və rəqəmsal marketinq mövzusunda seminar keçirilib
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın “Klub dəstək proqramı” çərçivəsində “Sosial media və rəqəmsal marketinq” mövzusunda seminar keçirilib. Seminarda UEFA-nın Milli Assosiasiyalar departamentinin əməkdaşları, “RESULT Sports” və “433” rəqəmsal agentliklərinin, Qazaxıstan və Estoniya Futbol Fedeasiyalarının, “Borussiya” (Dortmund, Almaniya) və “Şaxtyor” (Donetsk, Ukrayna) futbol klublarının nümayəndələri, AFFA, PFL, Premyer Liqa klublarının rəhbər şəxsləri, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində çalışan əməkdaşları iştirak edib.
Seminara açılış nitqi ilə başlayan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov marketinqin müasir futbolda əhəmiyyətini vurğulayıb, UEFA-ya “UEFA GROW” layihəsi çərçivəsində davamlı dəstəyinə görə təşəkkür edib və seminar iştirakçılarına uğurlar arzulayıb. Təqdimatlar və qrup məşğələləri formatında keçirilən seminar sabah da davam edəcək.
“Klub dəstək proqramı” AFFA-nın 2021-2025-ci illər inkişaf strategiyasının klub futboluna dəstək prioriteti çərçivəsində həyata keçirilir və 5 il ərzində Azərbaycan Premyer Liqasında iştirak edən klublara marketinq və ictimaiyyətlə əlaqələrlə bağlı sahələr üzrə dəstəyi özündə ehtiva edir.