Tomislav Mişura: “Neftçi” ilə çempionluğumuzu unutmaq mümkün deyil”
“Neftçi”nin sloveniyalı sabiq futbolçusu Tomislav Mişura təlim-məşq toplanışında olan komandamızı vətənində ziyarət edib. 2005-ci ildə “ağ-qaralar”la Azərbaycan çempionu olmuş hücumçumuzun “Neftçi TV”yə müsahibəsini təqdim edirik:
“Bura gələndə yolda uşaq kimi sevinirdim. Çünki uzun illər əvvəl “Neftçi”də oynamışam. Bura gələndən sonra meydanı və futbolçuları görüb özümü elə hiss edirdim ki, sanki bu dəqiqə isinmə hərəkətlərini yerinə yetirib onlarla məşqə çıxacağam. İnanılmaz hisslərdir... Hələ də futbol sahəsindəyəm. Bundan əlavə, yaxtaların daxili dizaynı ilə məşğul olan şirkətdə çalışıram. Bu, sevdiyim və mənə doğma olan ikinci sahədir. Çünki orada taxta, daş və dənizdən zövq alıram.
“Neftçi” ilə çempionluğumuzu yaxşı xatırlayıram. Çox gözəl hisslər idi. Bunu unutmaq mümkün deyil. Bütün azarkeşlər mənə tərəf qaçır, qucaqlayır, öpürdülər. “Neftçi” bu dəfə çempion olanda da eyni hissləri yaşadım. Sanki mən də həmin komandada oynayırdım. Çempionluğun futbolçular, ümumiyyətlə bütün heyət üçün necə əhəmiyyət kəsb etdiyini bilirəm.
Şəxsi problemlərimə görə 2006-cı ildə klubu tərk etdim. O zaman dayım vəfat etmişdi deyə, nənəm özünü çox pis hiss edirdi, səhhəti yaxşı deyildi. Evə getmək, ailəmlə daha çox vaxt keçirmək istəyirdim. Buna görə də klubu tərk etməli oldum. “Neftçi”də gözəl vaxt keçirmişdim. Düşünürəm ki, bu problemlər olmasaydı, klubda qalacaqdım.
Tbilisi “Dinamo”suna qarşı oynayacaqsınız. Məncə, “Neftçi”nin yaxşı şansı var. Düzdür, eşitdiyimə görə “Dinamo”nun çempionat matçları hələ də davam edir. “Neftçi” isə oyunlara indi başlayır. Bununla belə, ümid edirəm ki, qazanan tərəf “Neftçi” olacaq”.
“Neftçi” azarkeşlərinə onu deyə bilərəm ki, onları unutmamışam. Xahiş edirəm, hər zaman komandaya dəstək olsunlar ki, kollektiv hər zaman yüksəkliklərdə olsun”.
Tövsiyə olunur
-
Azər Əliyev: “Belə oyunlar bizim üçün çox əhəmiyyətlidir”
Müsahibə 10 iyul 2023, 12:00 -
Fərid Yusifli: “Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir”
Müsahibə 7 yanvar 2023, 21:30 -
Azər Əliyev: “Qeyri-adi hisslər keçirirəm”
Müsahibə 22 oktyabr 2022, 19:05 -
Vato Arveladze: “Neftçi”dən gələn təklifi ilk dəfə eşidəndə həyəcan dolu hisslər keçirdim”
Müsahibə 25 avqust 2022, 21:00