Kazbek Tuayev

  • Oynadığı dönəm:

    1961-1971

  • Doğum tarixi:

    13.11.1940

  • Mövqeyi:

    Sağ cinah hücumçusu

  • Vətəndaşlığı:

    Azərbaycan

Kazbek Tuayev Azərbaycan futbolu tarixinin parlaq simalarından biridir. O, həm futbolçu, həm də baş məşqçi kimi “Neftçi”nin ən yaxşılarından olub.

1940-cı il noyabrın 13-də anadan olan Kazbek Tuayev futbol oynamağa 14 yaşında Bakı “Lokomotiv”ində başlayıb. Milliyətcə osetin olan Tuayev 1959-cu ildə Vladiqafqaz (o vaxtkı Orcokinidze) “Spartak”ından təklif alaraq ora yollanıb. İki ildən sonra Bakıya qayıdaraq 10 il “Neftçi”nin şərəfini qoruyub. SSRİ çempionatının güclülər dəstəsində 290 oyun keçirən Tuayev bunlardan 276-da meydana “ağ-qara” formada çıxıb.

                                                      

O, karyerasına sağ cinah hücumçusu kimi başlasa da, son illərdə yarımmüdafiənin cinahında çıxış edib. Tuayevin hücumçu keyfiyyətlərindən çox deyilib, çox yazılıb. Hətta 20-ci əsrin ən yaxşı qapıçısı Lev Yaşin hücumçulardan yalnız Tuayevdən qorxduğunu bildirmişdi: “Tuayevin qapıya endirdiyi zərbələr o qədər qüvvətli alınırdı ki, topun hansı nöqtəyə gedəcəyini özü də bilmirdi”.

                                                               

Kazbek Tuayev təkcə zərbələri ilə təhlükəli deyildi, o, həm də zərgər dəqiqliyi ilə verdiyi ötürmələri ilə stajlı futbol azarkeşlərinin yaxşı xatırındadır. “Neftçi”nin 60-cı illərdəki uğuru “BMT üçlüyü”ndən çox asılı idi. “7 nömrə”nin Anatoli Banişevski və Eduard Markarovla əla anlaşması komandamızı yeni-yeni qələbələrə aparırdı. Bu iki oyunçunun fərqləndiyi əksər epizodlarda məhsuldar ötürməni məhz Tuayev verirdi. 1966-cı il – “Neftçi”nin bürünc medal qazandığı mövsümdə o, komandamızın əsl liderinə çevrildi. Banişevski və Markarov SSRİ yığmasına dəvət alanda Tuayev komandasını arxasınca aparmağı bacardı. Parlaq oyunu SSRİ yığmasının məşqçilərinin diqqətini cəlb etsə də, o, komandada möhkəmlənə bilmədi. “Neftçi”nin futbolçusu 1967-ci ildə ölkənin bir nömrəli komandasının heyətində 3 görüşdə meydana çıxdı, Helsinkidə Skandinaviya (2:2), Moskvada İsveçrə (2:2) və Sofiyada Bolqarıstan (2:1) yığmaları ilə yoldaşlıq oyunlarında iştirak etdi. “Neftçi”nin heyətində 298 oyunda 60 qol vuran Tuayev 3 dəfə (1963, 1966 və 1967-ci illərdə) SSRİ-nin “33 ən yaxşı oyunçu”su sırasına düşdu.

                                                     

1970-ci ildə Vladiqafqaz “Spartak”ı güclülər dəstəsinə vəsiqə qazananda Kazbek Tuayev həmyerlilərinə kömək etməyə getdi. Həmin mövsüm 14 oyunda 3 qol vursa da, bu, “Spartak”ın elitada qalması üçün kifayət etmədi və birinci dəstədə oynamaq istəməyən Kazbek Tuayev “Neftçi”yə qayıtdı. Lakin yaş öz sözünü deyirdi. Artıq “BMT üçlüyü”ndən də əsər-əlamət qalmadığından, Tuayev tənha canavara bənzəyirdi və komandanı arxası ilə aparmağa gücü çatmırdı.

Məşqçilikdə də ilk addımlarını tarixi vətənində – Şimali Osetiyada atdı. O, 1973-78-ci illərdə “Spartak”ın baş məşqçisi vəzifəsində çalışdı. Bundan sonra 4 il yarım Lənkəran “Xəzər”inin sükanı arxasında oldu. “Xəzər”də məşqçilik bacarığını sübut edən Kazbek Əliyeviç 1983-cü ildə “Neftçi”yə baş məşqçi kimi döndü. O, bu postda bir vaxtlar rəhbərliyi altında bürünc medal qazanmış Əhməd Ələsgərovu əvəzlədi. Lakin Tuayevin “Neftçi”dəki fəaliyyəti cəmi bir il çəkdi. Növbəti uğursuzluqdan sonra o, istefaya göndərildi. Bundan sonra məşqçi bir müddət usta komandalardan ayrı düşdü və 4 ildən çox “Neftçi” cəmiyyətinin uşaq-gənclər idman məktəbində işlədi.

                                                            

Yəqin ki, futbol azarkeşlərinin çox azı Kazbek Tuayevin Tunisdə çalışmasından xəbərdardır. O, ilk ciddi uğurunu “Qara qitə”də qazandı – Tunis çempionu oldu. 1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə “Neftçi”nin baş məşqçisi olan Tuayev 1995/1996, 1996/1997 və 2003/2004 mövsümlərində komandamıza ölkə çempionluğunu, 1995/1996, 2003/2004 mövsümlərində isə ölkə kubokunu qazandırdı. Komandamız məhz onun rəhbərliyi altında 1996-cı ildə UEFA kubokunda Sofiya “Lokomotiv”ini 2:1 hesabı ilə məğlub etməklə avrokuboklarda ilk qələbəsini qazandı, 2003/2004 mövsümündə isə ilk dəfə mərhələ adladı. Həmin vaxt Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunu səfər qolu (1:2, 1:0) sayəsində keçən “Neftçi” növbəti mərhələdə UEFA Kubokunun gələcək qalibi Moskva MOİK-i ilə başa-baş mübarizə apardı – 0:0, 0:2.

Maraqlıdır ki, yığma komandamız da ilk xalını Kazbek Əliyeviçin vaxtında əldə edib. 1995-ci ilin noyabrında millimiz Avropa çempionatının seçmə oyununda Polşa ilə qolsuz bərabərə qalıb. Yığmamıza rəsmi görüşlərdə ilk qələbəni də Tuayev qazandırıb. Millimiz 1996-cı ilin avqustunda tarixi qarşılaşmada İsveçrəni Vidadi Rzayevin vurduğu qol sayəsində 1:0 hesabı ilə məğlub edib.

Tuayev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Bu günlərdə 80 yaşını qeyd edən Kazbek Əliyeviç Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvüdür.