“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
“Neftçi” Misli Premyer Liqasının 12-ci turunda qarşılaşacağı “Araz-Naxçıvan” klubu ilə oyunun hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Bir müddət əvvəl zədələnən Filip Ozobiç, Andre Şinyaşik, Azər Salahlı və Mustafa Sek ilə yanaşı, son məşqlərdə ağrılar hiss edən Alfa Konte və Rəhman Hacıyev zədə səbəbindən sabah meydana çıxa bilməyəcəklər. Rafael Quzzonun oynaması isə sual altındadır.
Qeyd edək ki, noyabrın 1-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Araz-Naxçıvan” matçı saat 20:30-da başlanacaq.