“Neftçi”dən əzmkar səfər heç-heçəsi
“Neftçi” bu mövsüm UEFA Avropa Konfrans Liqasında ilk oyununu keçirib. Komandamız II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə qarşılaşıb. Sarayevo şəhərindəki Qrbaviça stadionunda baş tutan görüş heç-heçə nəticələnib – 2:2.
Rəqib hər iki halda hesabda önə keçsə də, “ağ-qaralar” bərabərliyi təmin edə bilib. “Jelezniçar”ın qollarını Dzenan Haraçiç (14-cü dəqiqə) və Cozef Amoa (45+10-cu dəqiqə) vurublar. “Neftçi”nin qollarına gəlincə, 44-cü dəqiqədə Kilan Lebonun zərbəsindən sonra Aleksandar Kosoriç avtoqola imza atıb. 90+5-ci dəqiqədə isə Rəhman Hacıyev möhtəşəm zərbədən sonra fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 3-ü saat 21:00-da 8-ci km stadionunda baş tutacaq.