Adrian Mutu: “Buraya qələbə qazanmaq üçün gəlmişik”
UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 27-si Bakı vaxtı ilə saat 23:00-da Qrbaviça stadionunda keçiriləcək “Jelezniçar” – “Neftçi” oyunundan əvvəl komandamızın baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.
Əvvəlcə baş məşqçi fikirlərini bildirib: “Bizi çox vacib oyun gözləyir. Fikrimcə, çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Rəqibin Minsk “Dinamo”su ilə son oyununa baxmışam, çox əzmkar komandadır. Bəzi futbolçuların fərdi ustalığını da qeyd edərdim. Əminliklə deyə bilərəm ki, bizim üçün çox ağır oyun olacaq. Bununla belə, buraya qələbə qazanmaq üçün gəlmişik”.
Sonra Eddi İsrafilov danışıb: “Düşünürəm ki, asan oyun olmayacaq. Buna baxmayaraq, Bakıya pozitiv nəticə ilə qayıdacağımıza inanıram”.
Adrian Mutunun KİV nümayəndələrinin suallarına cavabı isə belə olub: “Komandaya yeni gəlmişəm. Futbolçular bütün tapşırıqlarımı yerinə yetirməyə səylə çalışırlar. “Fenerbahçe” və “Spartak”la oyunlarda komandamı təhlil etmişəm. Heyətdə kifayət qədər yaxşı futbolçu var, amma yeni oyunçuların da gəlişini gözləyirik ki, komanda komplektləşsin. Komandamda çoxlu təcrübəli futbolçu var, belə atmosferdə oynamağa öyrəşiblər. Buna görə də “Jelezniçar”ın fanat ordusunun bizə çətinlik yarada biləcəyini düşünmürəm. Bosniya futbolu ilə bağlı məlumatlıyam. Mateus Saldanya haqqında danışmaq yersiz olardı, çünki o artıq geridə qalıb, biz isə irəliyə baxmalıyıq. Komandaya yeni hücumçu cəlb olunacaq, bununla bağlı danışıqlar gedir”.