“Neftçi” yeni baş məşqçi ilə ilk məşqə çıxdı
Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi altında ilk məşqə çıxıb. Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Zenit” klubunun təlim-məşq mərkəzində keçirilən hazırlıq prosesində məşqçilər korpusunun digər üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedeban da iştirak ediblər. Məşqdə isinmə hərəkətlərindən sonra əsasən toplu çalışmalar icra olunub.
Qeyd edək ki, “Matç TV Kuboku”nda “Zenit” və “Srvena Zvezda” ilə qarşılaşmış “Neftçi” sonuncu oyununu “Fenerbahçe”yə qarşı keçirəcək. Görüş iyulun 15-i Bakı vaxtı ilə saat 15:00-da “Smena” stadionunda baş tutacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-i Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.