“Neftçi” toplanışın 15-ci gününü bir məşqlə başa vurdu
“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Flaqman toplanışın 15-ci günündə bir məşqlə kifayətlənib. Bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan komandamızın üzvləri məşqə toplu çalışmalarla davam ediblər.
Qeyd edək ki, “Matç TV Kuboku”nda “Zenit” və “Srvena Zvezda” ilə qarşılaşmış “Neftçi” sonuncu oyununu “Fenerbahçe”yə qarşı keçirəcək. Görüş iyulun 15-i Bakı vaxtı ilə saat 15:00-da “Smena” stadionunda baş tutacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-i Bakı vaxtı ilə saat 21:00-da “Otkrıtiye Bank Arena”da təşkil olunacaq və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.