Ataa Caber məşqlərə qatıldı
“Neftçi” Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışını davam etdirir. “Ağ-qaralar” toplanışın 4-cü günündə bir məşqlə kifayətlənib. Bu gün Bakı vaxtı ilə saat 12:00-dan etibarən “Smena” stadionunda keçirilən hazırlıq prosesində zədəli Aqil Məmmədov iştirak etməyib. Əvəzində, komandamızın düşərgəsinə qoşulan Ataa Caber məşqə qatılıb.
Qeyd edək ki, “Sankt-Peterburq” otelində məskunlaşan komandamız dünən “Matç TV Kuboku”ndakı ilk oyununda “Zenit”lə qarşılaşıb (1:3). Flaqman iyulun 8-i Bakı vaxtı ilə saat 20:30 Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fenerbahçe” klubu ilə üz-üzə gələcək. Hər iki görüş “Smena” stadionunda olacaq.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq. Komandamız iyulun 19-da Bakıya qayıdacaq və hazırlığını paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək “Neftçi” qitəmiqyaslı yarışın II təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.