“V Neftçili Yay Futbol Düşərgəsi” başa çatdı
“Neftçi” PFK-nın, “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “V Neftçili Yay Futbol Düşərgəsi”nə yekun vurulub.
Yubileyi olan layihənin bu gün bağlanış mərasimi baş tutub. Tədbirdə “YAŞAT” Fondunun rəhbəri – Qarabağ qazisi Elvin Hüseynov, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev və “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül çıxış ediblər. Bağlanış mərasimindən sonra 3-cü qrup iştirakçıları mükafatlandırılıblar. Uşaqlara sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, media dəstəkçiləri “Neftçi TV” və “ASAN Radio” olan layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların daha parlaq gələcək əldə etmələrinə dəstək olmaq, o cümlədən asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. 100 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxil olub. Bundan əlavə, uşaqlara “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilib. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilib.