Samir Abasov: “Akademiyamızın üzvünün qol vurması xoş haldır”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Premyer Liqanın “Səbail” klubu ilə 12-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Kiminsə üstünə günah atmaq fikrimiz yoxdur. Mən bəhanə tapıb özümə bəraət qazandırmaq istəmirəm. Gənc futbolçularımız var, onlar da belə oyunlarda səhv edəcəklər. Bunu mən də eləmişəm, məndən yaxşı futbolçular da. Futbolçulara məndən başqa heç kimin söz deməsini istəmirəm. Vüsal Əsgərov bu gün qol vurub. Əsas odur ki, qalib gəlmişik. Buna görə sevincliyik. Akademiyamızın üzvünün qol vurması xoş haldır, amma onun etmədiyi şeyləri də deməliyik. Əsas odur ki, futbolçu bundan nəticə çıxarsın. Mamadu Mbodjun Kamran Ağayevlə məsələsindən xəbərim yoxdur. Onun özünün iki barmağı sınıb və xəstəxanaya gedib. “Keşlə”yə qarşı Mbodj oynamırdı, amma uduzduq. Yəni onun günahından uduzduğumuzu deyə bilmərəm. Mən məşqlərdə bütün futbolçuları görürəm, kimi lazım bilsəm, onu da oynadacağam. Guya mən postumdan getsəm, nə olacaq? Göndərmələri normal haldır. Niyə Samir getməlidir? Getsə, hər şey bir gündə düzələcək? Bu şayiələri məqsədli olaraq çıxarırlar. Bundan heç vaxt narahat olmamışam, siz də narahat olmayın. Ötən mövsüm qazandığımız çempionluq təsadüfi deyildi. Rəqiblərin zəif olması mənim problemim deyil. Mən həmin vaxt güclü idim. Mənim haqqımda yazan rəhbər şəxs klubda qalmağımı ən çox istəyən və mənə dəstək olan şəxsdir. Sağ olsun. Hazırda vəziyyət elədir ki, transferlə bağlı atdığın addım hədəfə düşməlidir. Buna görə də risk olmasın deyə, düşünürsən ki, yerli bazardan bəhrələnim. Ötən mövsümkü çıxışına görə hamı Sezar Meza Kolli və Xəyal Nəcəfovu komandaya götürərdi. Onların zəif oynaması o demək deyil ki, üstlərindən xətt çəkilib. Vəziyyətdən özləri çıxa bilərlər. Bunu zaman göstərəcək. Anlayışla yanaşmağınızı istəyirəm. Bəzən deyirlər ki, filankəs niyə oynamır, amma digər komandalar haqqında danışmırlar. Futbolçulara bizdən də çox pul verən klublar var, amma adlarını çəkmirlər. Yenə deyirəm, hər oyunçuya vaxt lazımdır. Azarkeşləri tribunaya qaytarmaq üçün yalnız qələbə qazanmalıyıq. İnşallah, biz qalib gələk, onlar da sevə-sevə qayıdarlar”.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26