“Neftçi” PFK-nın məlumatı
“Neftçi” PFK olaraq ictimaiyyətə məlumat vermək istərdik ki, son dövrlərdə www.sportinfo.az saytında klubumuz, onun rəhbər şəxsləri, məşqçiləri və müxtəlif futbolçuları haqqında uydurma, heç bir mənbəsi olmayan yalan informasiyalar, qərəzli yazılar tirajlanır. Azarkeşlərimiz də dəfələrlə bununla əlaqədar müvafiq addımların atılması ilə bağlı kluba müraciətlər ediblər.
Bütün bu müddət ərzində prosesi izlədikdən sonra “Neftçi” PFK-ya qarşı artıq həddini aşan, jurnalistikanın etik qaydalarına sığmayan qərəzli şəkildə davamlı qarayaxma kampaniyası aparan bu saytın rəhbərliyinə dayanmayacağı halda, müvafiq addımların atılacağını da bəyan etmişdik.
Ancaq yenə də fəaliyyətində müvafiq ölçülər götürməyən, milyonlarla insanların sevimlisi, Azərbaycan futbolunun flaqmanı “Neftçi” PFK haqqında həqiqəti əks etdirməyən, tənqidlə təhqiri səhv salan, klub rəhbərliyinin işgüzar nüfuzunu, eləcə də şərəf və ləyaqətini ləkələyən yazıları davam etdirməsi ilə əlaqədar bu saytın rəhbəri Muradov İlkin Vaqif oğlu haqqında müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edilmişdir.
Müraciətə əsasən, mülki iş üzrə açıq məhkəmə iclası keçirilmiş və müvafiq qətnamə qəbul olunmuşdur. Təsdiqlənmişdir ki, dərc edilən məqalələrdə həqiqətən də klub rəhbərliyinin işgüzar nüfuzu, eləcə də şərəf və ləyaqətini ləkələyən məlumatlara yer verilib. Bununla əlaqədar www.sportinfo.az saytında “Təkzib” başlığı altında həmin şriftlə həmin informasiyaların təkzib edilməsi və “Neftçi” PFK-nın rəhbərindən sayta görə cavabdeh Muradov İlkin Vaqif oğlunun üzr istəməsi haqqında qərar verilmişdir.
Hazırda bu məsələyə Yasamal Rayon Məhkəməsinin icra şöbəsində baxılır və cavabdeh şəxs hələ də Azərbaycan Respublikası adından Bakı şəhəri Yasamal rayon məhkəməsinin çıxardığı Qətnamənin icrasından yayınır.
“Neftçi” PFK olaraq bir daha bildiririk ki, jurnalistlərin fəaliyyətinə daima hörmətlə yanaşmışıq. Onları bu cür çətin və məsuliyyətli işlərində daima dəstəkləmişik. İstənilən qərəzsiz tənqidlərini müsbət qarşılamışıq və mediaya daima açıq mövqe göstərməklə, jurnalistlərin ictimiayyətə klubumuz haqqında doğru, dürüst informasiyaların çatdırmasına yardım etmişik. İşini hazırda şərəflə, dürüst, jurnalistikanın etik qaydalarından kənara çıxmayaraq, insanların şəxsi həyatına toxunmadan, təhqir etmədən görən media nümayəndələrinə “Neftçi” PFK adından bir daha minnətdarlığımızı bildiririk.
Qeyd etmək istəyirik ki, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təminat verilən söz və mətbuat azadlığı, öz fikir və əqidələrini hər şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində ifadə etmək hüququ var, amma Azərbaycan Respublikasının qanunvericiliyi kütləvi informasiya azadlığından sui-istifadə edilməsini də qadağan edib. Yuxarıda adı qeyd olunan sayt və onun rəhbərliyi müxtəlif variantlarla klubumuza qarşı qarayaxma kampaniyasını davam etdirəcəyi halda, klubun imicinə xələl gətirən bu və digər fəaliyyətlərə qarşı növbəti hüquqi addımları atacağıq və bu barədə də ictimaiyyətə məlumat verəcəyik.