Samir Abasov: “Neftçi”ni layiqincə təmsil etməyə çalışacağıq”
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək “Dinamo” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə baş məşqçi oyun haqda fikirlərini bildirib:
“Uzun müddət sonra Azərbaycanı bu cür turnirdə təmsil etmək bizim üçün, “Neftçi” ailəsi üçün çox qürurverici və şərəfdir. Oyundan əvvəl üzərimizdə bir az gərginlik var. Bu, turnirin böyüklüyündən irəli gəlir ki, bəzi futbolçularımız belə yarışlarda ümumiyyətlə iştirak etməyiblər. Amma inanırıq ki, sabah oyuna çıxandan sonra həmin gərginlik meydandan kənarda qalacaq, “Neftçi”ni, xalqımızı yaxşı təmsil edəcəyik. Rəqibin bizdən bəzi üstünlükləri var. Gürcüstan çempionatı davam edir, 17 tur geridə qalıb. Bizə baxanda, həm taktiki, həm də fiziki baxımdan tam hazırdırlar. Biz isə həm Bakıda, həm də Sloveniyada yaxşı toplanış keçsək də, cəmi 3 yoxlama matçına çıxmışıq. Buna baxmayaraq, “Neftçi”ni layiqincə təmsil etməyə çalışacağıq. Sabahkı oyunun necə gərgin keçəcəyi bizə məlumdur. Tbilisi “Dinamo”su “Neftçi” kimi köklü, tarixi klubdur. Bundan əlavə, çempionatda qızıl medallar uğrunda mübarizə aparır. “Dinamo”nun gücünə bələdik, çünki oyunlarına baxmışıq. Yeni baş məşqçi Kaxaber Tsxadadze gələndən sonra rəqibin son 5 matçını izləmişik. Gücləri, hansı taktiki sxemdə oynadıqları bizə bəllidir. Amma vizual baxmaq başqa, komandanı canlı hiss etmək başqadır ki, futbolçular bunu meydana çıxandan sonra biləcəklər. “Dinamo”nun baş məşqçisini çox yaxşı tanıyıram. Onun işlədiyi komandaların nəyə qadir olduğunu bilirəm. Çünki onun futbolçusu olmuşam. Maraqlı oyun olacaq”.
Sonra Voislav Stankoviç oyun haqda fikirlərini bildirib: “Bilirik ki, bizi sabah “Dinamo” kimi komanda ilə çətin oyun gözləyir. Rəqibi yaxşı təhlil etmişik. Meydana öz oyunumuzu göstərib, qələbə qazanmaq üçün çıxacağıq”.
Daha sonra serbiyalı futbolçu jurnalistlərin suallarını cavablandırıb: “Kaxaber Tsxadadzenin rəhbərliyi altında “İnter”də oynamışam. Baş məşqçi kimi onu yaxşı tanıyıram. Onun Azərbaycan futboluna çox yaxşı bələd olduğunu, futbolçulardan nə tələb etdiyini bilirəm. Lakin biz Azərbaycan çempionuyuq. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərib, Azərbaycana qələbə ilə dönəcəyik”.
Samir Abasovun KİV nümayəndələrinin suallarına cavabı isə belə olub: “İndidən əsas heyətlə bağlı nəsə demək düzgün olmaz. Fikirləşməyə bir günümüz var, həm də bir azdan məşqə çıxacağıq. 90-95 faiz heyəti müəyyənləşdirmişik, sadəcə, tələsmək istəmirik. Sabah futbolçular meydana işlərini bilərək çıxacaqlar. Möhtəşəm hisslər keçiririk. Özüm də həyəcanlıyam. Bu cür mötəbər yarşıda iştirak etməyimiz mənim üçün fəxrdir. Tsxadadzeyə gəlincə, deməzdim ki, sırf onun yolunu tutub işləyirəm, amma nəinki Kaxaberdən, işlədiyim məşqçilərin hamısından ən yaxşısını götürməyə çalışmışam. Tsxadadze onların içində ən öndə gedən məşqçilərdən biridir. Onun məşqçiliyinə hörmətim çoxdur. Burada danışdıqlarımızla meydanda elədiklərimiz düz gəlməyə bilər, amma inanıram ki, hamısı üst-üstə düşəcək. Gərginlik deyəndə, futbolçuların üzərində olan məsuliyyəti nəzərdə tuturam. Hər komandanın özünə görə problemləri var. Rəqibin baş məşqçisi oyun çoxluğundan şikayət edir, mən isə əksinə, oyun azlığından şikayət edə bilərəm, amma biz bunun üzərində dayanmırıq. Çalışacağıq rəqibin problemlərindən istifadə edək. Danışıqlar apardığımız futbolçular var ki, onların yolunu gözləyirik. Təəssüf ki, bu matça kimi çatdıra bilməmişik. Bu, klub olaraq təkcə bizdən asılı olmayan məsələlərdir. Buna baxmayaraq, əlimizdə olan futbolçularla yaxşı hazırlıq keçmişik. Həm sabah, həm də cavab görüşündə biz keyfiyyətdən çox xarakterimizi ortaya qoymalıyıq. Anlamalıyıq ki, haranı təmsil edirik. Bacardığımız qədər xarakterimizi ortaya qoyub oyunlardan başıuca çıxmalıyıq”.
Tövsiyə olunur
-
“Şamaxı” ilə oyuna hazırlıq davam edir
A Komanda 6 noyabr 2024, 19:00 -
“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
A Komanda 2 noyabr 2024, 00:16 -
“Neftçi” “Araz-Naxçıvan”a məğlub oldu
A Komanda 1 noyabr 2024, 22:25 -
“Araz-Naxçıvan”la matça hazırlıq başa çatdı
A Komanda 31 oktyabr 2024, 16:26