“Qalatasaray”la oyuna KİV nümayəndələrinin qeydiyyatı başlandı
“Neftçi” PFK-nın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-si saat 20:00-da qardaş Türkiyənin “Qalatasaray” klubu ilə “Bakcell Arena”da keçirəcəyi oyuna KİV nümayəndələrinin qeydiyyatı başlanıb. Qarşılaşmaya akkreditasiya almaq istəyən media nümayəndələrindən tələb olunanlar:
1. Ad, soyad
2. Təmsil etdiyi KİV
3. Vəzifə
4. Şəkil
5. 2020/2021 mövsümü üçün nəzərdə tutulan PFL akkreditasiyası (mütləqdir)
Qeyd olunan məlumatlar sentyabrın 9-u saat 18:00-dək [email protected] e-mail ünvanına göndərilməlidir. Müraciətlərinə [email protected] cavab alanlar qeydiyyatdan keçmiş hesab olunacaqlar.
DİQQƏT:
- Yerlər məlum səbəblərdən asılı olaraq az olduğu üçün hər bir KİV-dən maksimum 1 nəfər akkreditasiya əldə edə biləcək;
- Yalnız 6 nəfər FOTO akkreditasiyası əldə edə biləcək;
- Hər bir telekanal maksimum 1 nəfər müxbir, 1 nəfər operatorla təmsil oluna bilər;
- Akkreditasiya əldə edəcək şəxslərin təyin olunması zamanı ilk öncə PFL-dən qeydiyyatdan keçmiş və I təsnifat mərhələsinin “Neftçi” – “Şkupi” oyununda iştirak etmiş şəxslərə üstünlük veriləcək;
- Akkreditasiya əldə edəcək şəxslərin təyin olunması zamanı əsas üstünlük idman mediasına veriləcək. Həmçinin qeyri-idman mediasından ötən mövsüm “Neftçi”nin Azərbaycan çempionatı oyunlarında iştirak edən və oyunları işıqlandıran jurnalistlər də bu siyahıya aid ediləcək;
- Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Şkupi” oyununa qeydiyyatdan keçmiş və akkreditasiyasını üzrlü səbəb olmadan (əvvəlcədən bu haqda kluba məlumat verənlərdən başqa) götürməyən şəxslər bu oyunda qeydiyyata alınmayacaq;
- Mətbuat konfransında sosial məsafə qaydalarına əməl olunması üçün yerlərin sayı azalıb. Bu səbəbdən yalnız 12 nəfər media nümayəndəsinin iştirakına icazə veriləcək. Həmin jurnalistlər də “Neftçi” PFK-nın Avropa Liqasının I təsnifat mərhələsindəki mətbuat konfranslarında iştirak etmiş şəxslər olacaq. Həmin media nümayəndələrinə xüsusi vəsiqə veriləcək və yalnız o jurnalistlər mətbuat konfransına buraxılacaqlar.
Qeydiyyatdan keçənlər və bu haqda təsdiq e-maili alan media nümayəndələri akkreditasiyalarını 16.09.2020-ci il saat 12:00-dan etibarən oyunöncəsi mətbuat konfransı başlayanadək “Bakcell Arena”da “Neftçi TV”nin ofisindən götürə biləcəklər. Akkreditasiyasız KİV nümayəndələri stadiona buraxılmayacaqlar.
Qeyd edək ki, hazırda davam edən COVİD-19 pandemiyasına və UEFA-nin yeni oyun əsasnaməsinə görə stadiona məhdud sayda jurnalist buraxılacaq. Bütün bu addımları atmaq məcburiyyətində qaldığımızı nəzərə alıb, bizi anlayışla qarşılamağınızı xahiş edirik.